
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz arasında telefon danışığı olub.
Shir.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Telefon danışığı zamanı martın 5-də İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən dron hücumları ilə bağlı kəskin etiraz bildirilib və bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.
Əli Əsədov qeyd edib ki, hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər atəşə məruz qalıb. Hadisə zamanı bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına isə ziyan dəyib.
Söhbət zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz nümunəsi olduğu bildirilib.
Baş nazir Əli Əsədov yaranmış vəziyyətlə əlaqədar Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına yönləndirilməsi ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkürünü ifadə edib.
Telefon danışığı zamanı həmçinin mövcud vəziyyət və gündəlikdə duran digər aktual məsələlər də müzakirə olunub.














































