
Bu gün İranın Naxçıvan beynəlxalq Hava Limanına dron hücumu barədə xəbərlərin yayılmasından qısa müddət sonra Güney azərbaycanlılar geniş kampaniya başladıblar.
Shir.az xəbər verir ki, xüsusən xaricdə yaşayan Güney azərbaycanlılar mövzu ilə bağlı çoxsaylı paylaşımlar ediblər.
Güneyli sosial media istifadəçiləri və milli-siyasi fəallar Tehran rejiminin dron hücumunu pisləyib, bunun İranın daxilində ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq ediblər.
“İndiki həssas mərhələdə Azərbaycan Respublikasına qarşı istənilən təxribat əməli rəsmi Bakının mövqeyindən asılı olmayaraq, Güney azərbaycanlılara qarşı saymamazlıq, hörmətsizlik və müharibə elanı kimi dəyərləndirilə bilər”, - güneylilər bildirib.
Onlar İran-Amerika-İsrail müharibəsində Azərbaycan hökumətinin ədalətli və dost mövqe tutmasına baxmayaraq, Tehran rejiminin Naxçıvana dron hücumunu İslam Respublkasının intihar cəhdi adlandırıblar:
“Tehran rejimi hələ də reallıqdan uzaq olan siyasətləri ilə bütün qonşulara qarşı təcavüzə əl atmaqla özünü daha da dərinə batırmağa çalışır. Xüsusən Azərbaycan Respublikasına qarşı təxribat hərəkəti İslam Respublikasının sonunun yaxınlaşmasına, bu sonun isə daha ağrılı olmasına səbəb ola bilər. Azərbaycan Respublikasına qarşı istənilən təcavüz aktının baş verəcəyi təqdirdə İrana qarşı ön cəbhə xətti Tehranda, Kərəcdə, Zəncandakı azərbaycanlılar tərəfindən qurulacaq!”














































