ABŞ Silahlı Qüvvələri 2025-ci ilin avqust ayına qədər süni intellekt funksiyalarına malik bir neçə min pilotsuz uçuş aparatı (PUA) və amfibiya aparatlarından istifadə edəcək.
Shir.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Yaponiyanın "Sankei" nəşrinə müsahibəsində deyib.
"Bunlar ucuz sistemlərdir və insanların müharibə təhlükəsinə daha az məruz qalmasına imkan verir. Süni intellekt bu dronların zəif kommunikasiya şəraitində müstəqil fəaliyyətinə şərait yaradacaq”, - o bildirib.
Nazir müavini belə dronların silahlanmaya qəbul edilməsinin Çinə qarşı tədbir olduğunu vurğulayıb: "Çinlə strateji rəqabət dövründə texnoloji yeniliklərə fərqli yanaşmalıyıq”.
Hiksin sözlərinə görə, əməliyyatlarda pilotsuz sistemlərdən istifadə yalnız birinci mərhələdir və bundan sonra süni intellekt funksiyalarına malik hərbi qurğuların yerləşdirilməsinin ikinci dalğası gələcək.